Donor Maarifləndirmə Ayı çərçivəsində silsilə tədbirlər davam etdirilir. Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin (ODTKM) Təhsil Nazirliyi ilə əməkdaşlığı əsasında növbəti maarifləndirici görüş Bakı Qızlar Universitetində baş tutub.
Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor Hava Abdullayeva orqan donorluğunun cəmiyyət üçün aktuallığını vurğulayaraq, ölümündən sonra başqalarına həyat bəxş etməyin ən ali humanist addım olduğunu qeyd edib.
ODTKM İdarə Heyəti sədrinin müavini Günay Abbasova çıxışında bildirib ki, Azərbaycanda səhiyyənin inkişafı dövlətin əsas strateji istiqamətlərindən biridir. O qəyd edib ki, 2023-cü ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Səhiyyə Nazirliyinin nəzdində Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi orqan çatışmazlığından əziyyət çəkən xəstələrə dəstək göstərməkdir. Qeyd olunub ki, bu xidmətlər dövlət hesabına həyata keçirilir və icbari tibbi sığortanın xidmət zərfinə daxildir.
ODTKM-in həkim-koordinatoru Mehriban Əliyeva çıxışında vurğulayıb ki, donor olmaq tamamilə şəxsi qərardır. Bu sahədə bütün məlumatlar məxfi saxlanılır və tibbi prosedurlar beynəlxalq etik normalara uyğun şəkildə icra olunur.
Statistik göstəricilərə əsasən, son dövrlərdə ölkədə ölümündən sonra donor olmaq istəyənlərin sayı artaraq 1400 nəfəri ötüb. Müraciət edənlərin əksəriyyətini gənclərin təşkil etməsi cəmiyyətdə bu sahəyə marağın artdığını göstərir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Fəallıq göstərən tələbələrə Mərkəz tərəfindən simvolik hədiyyələr təqdim olunub.